Qurban bayramı günlərində
əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq
heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə
təşkili məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları
tərəfindən bütün zəruri tədbirlər görülüb.
Naxçıvan Muxtar
Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq
heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Bu məntəqələrin 75-də
satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara
təqdim edilir. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi
çadırları quraşdırılıb. Həmçinin işğaldan azad edilmiş Ağdam, Cəbrayıl, Füzuli
və Laçın rayonlarında da qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri
təşkil edilib.
Eyni zamanda
ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət
şəbəkələri tərəfindən qurbanlıq heyvan ətinin satışı xidməti də həyata
keçirilir.
Qurbanlıq
heyvanlarda hər hansı xəstəliyə şübhə yarandığı halda baytar həkim tərəfindən
daxili orqanlardan nümunələr götürülərək həm yerində fəaliyyət göstərən
laboratoriyalarda, həm də Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələr
aparılır. Qida Təhlükəsizliyi İnstitutunun stasionar və səyyar laboratoriyaları
gücləndirilmiş iş rejimində çalışır.
Vətəndaşlardan
bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz
hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya Agentliyin
“1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.