Nərimanov Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı İdarəetmə və Texnologiya Kollecində maarifləndirici tədbir təşkil olunub.
“Sağlam nəsilin yetişdirilməsində ana südünün rolu” mövzusunda keçirilən tədbirdə iştirakçılara Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, AQTİ ölkədə qida təhlükəsizliyi sahəsində elmi əsaslara söykənən tədbirlər görməklə yanaşı, əhalinin maarifləndirilməsi və ictimai sağlamlığın qorunması istiqamətində layihələr həyata keçirir.
Daha sonra ana südünün tərkibi, körpənin müxtəlif yaş mərhələlərində düzgün qidalanması, ana südünün sağlam nəsil yetişdirilməsində əvəzolunmaz rolu haqqında ətraflı məlumat verilib. İlk 6 ayda yalnız ana südü ilə qidalanmanın körpənin immun sisteminin formalaşmasında və infeksiyalara qarşı qorunmasında müstəsna rol oynadığı və ana südünün ana ilə uşaq arasında emosional bağın güclənməsinə xidmət etdiyi xüsusilə vurğulanıb.
Təlim interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib. Tədbir iştirakçıları onları maraqlandıran suallar ətrafında diskussiya aparıblar.