Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida və yem məhsullarının izlənilməsi” mövzusunda növbəti praktiki təlim təşkil edilib. 2 gün davam təlimin məqsədi qida zəncirində iştirak edən qida subyektlərinin və onların obyektlərində emal olunan qida məhsullarının mənşəyinin, dövriyyə mərhələlərinin və son istifadəyədək hərəkət trayektoriyasının şəffaf şəkildə izlənilməsini təmin etməkdir.
Təlim zamanı “Qida təhlükəsizliyi haqqında” qanunun tələbləri izah olunub, qida və yem məhsullarında izlənilmənin hüquqi və normativ əsasları iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin izlənilmənin HACCP prinsipləri ilə əlaqəsi, tədarük zənciri boyunca “bir addım geriyə – bir addım irəli” prinsipi, etiketləmə, identikləşdirmə və qeydiyyat sistemləri haqqında məlumat verilib.
İnteraktiv formada keçirilən təlim zamanı iştirakçılar real nümunələr üzərində izlənilmə formaları ilə tanış olublar, eləcə də qarşılaşdıqları praktiki çətinlikləri və təkliflərini bölüşərək fikir mübadiləsi aparıblar.