“Açıq qapı” günündə iştirakçılar İnstitutun laboratoriyalarına baxış keçirib, laboratoriyaların maddi-texniki bazası ilə yaxından tanış olublar. Həmçinin iştirakçılar qida məhsullarının yoxlanılması prosesində iştirak etməklə, qida məhsullarının laboratoriyalara qəbulu anından son müayinə nəticələrinə qədər keçdiyi bütün mərhələləri əyani şəkildə izləyiblər.
Tədbir iştirakçılarına İnstitutun fəaliyyəti, eləcə də qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən subyektlərdə qida təhlükəsizliyi göstəriciləri üzrə aparılan tədqiqatlar, qida təhlükəsizliyi sahəsində həyata keçirlən elmi-praktiki araşdırmalar haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Bu laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması, eyni zamanda kadrların səriştəliliyinin artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, aparılan müayinə nəticələrinin düzgünlüyü və etibarlılığının təmin olunması, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriyaların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı üzrə işlər davam etdirilir.
“Açıq qapı” günü iştirakçıları maraqlandıran sualların cavablandırlması ilə başa çatıb.