arrow

Xarici tərəfdaşlar üçün Azərbaycanda qida təhlükəsizliyi və investisiya imkanlarına dair sessiya keçirilib

Xarici tərəfdaşlar üçün Azərbaycanda qida təhlükəsizliyi və investisiya imkanlarına dair sessiya keçirilib
06-05-2026 16:45

Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi davam edir.

Sərginin növbəti günündə Azərbaycan bazarına çıxış imkanları ilə maraqlanan xarici tərəfdaşlar üçün məlumatlandırıcı sessiya təşkil olunub. Görüşdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə qonaqlar beynəlxalq əməkdaşlıq, ölkədə qüvvədə olan idxal-ixrac tələbləri, qeydiyyat prosedurları, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi, eləcə də mövcud investisiya mühiti və imkanları, həmçinin AQTİ-nin fəaliyyət istiqamətləri üzrə qida təhlükəsizliyi sahəsində həyata keçirdiyi xidmətlər, laboratoriya şəbəkəsi, beynəlxalq akkreditasiya imkanları barədə ətraflı məlumatlandırılıb. Tədbir çərçivəsində iştirakçılar üçün sual-cavab sessiyası da təşkil edilib.

Eyni zamanda vurğulanıb ki, Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi sahəsində əlverişli investisiya mühiti formalaşdırılıb, bu da xarici investorlar üçün geniş əməkdaşlıq imkanları yaradır.

Tədbir qarşılıqlı fikir mübadiləsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə başa çatıb.